
Zəngilanın azad olunması və yenidən qurulması Zəfərimizin təntənəsidir
Araz sahilində strateji mövqeyi ilə seçilən Zəngilan rayonunun azad edilməsi və yenidən qurulması prosesi Azərbaycanın tarixi Böyük Qayıdış siyasətinin mühüm göstəricisidir.
AzadAzərbaycan xəbər verir ki, zəngin təbii sərvətləri və strateji mövqeyi ilə tanınan Zəngilan rayonunun tarixi milli-mənəvi dəyərlərimizlə sıx bağlıdır. XX əsrin əvvəllərində Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə verilməsi torpaqlarımızın parçalanmasına gətirib çıxarmış, 1993-cü il oktyabrın 29-da isə Zəngilan şəhəri işğala məruz qalmışdı. Uzun illər sürmüş işğal dövründə rayonun infrastrukturu və mədəniyyət abidələri tamamilə dağıdılmışdı.
2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və ətraf kəndləri işğaldan azad edərək ərazi bütövlüyümüzün bərpasında mühüm addım atdı. Prezidentin 2023-cü ildə imzaladığı müvafiq sərəncama əsasən, hər il 20 oktyabr tarixi ölkəmizdə Zəngilan Şəhəri Günü kimi təntənə ilə qeyd olunur.
Böyük Qayıdış proqramı çərçivəsində rayonda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Ağalı kəndində icra olunan “Ağıllı kənd” layihəsi müasir standartlara cavab verən ilk yaşayış məntəqələrindən biri kimi sakinlərə rahat şərait yaradıb. Eyni zamanda, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və yeni avtomobil yollarının inşası bölgənin nəqliyyat və iqtisadi potensialını xeyli artırır.
Müasir infrastrukturun qurulması, sosial obyektlərin inşası və məcburi köçkünlərin öz baba ocaqlarına qayıdışı Zəngilanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu dirçəliş prosesi dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini bariz şəkildə əks etdirir.
Xəbəri dostlarınızla paylaşın




