
Zaqatalada məmur oğlu 1 milyon manatlıq dələduzluqda ittiham olunur
Zaqatalada sahibkarlıqla məşğul olan Əmrah Ramazan 900 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilərək həbs edilib.
AzadAzərbaycan xəbər verir ki, Zaqatala rayonunda gübrə satışı sahəsində fəaliyyət göstərən iş adamı Əmrah Valeh oğlu Ramazan xüsusilə külli miqdarda dələduzluq etməkdə günahlandırılır. O, aldığı məhsulların dəyərini ödəməməkdə ittiham olunur.
Aparılan araşdırmalar nəticəsində zərərçəkən tərəflərə ümumilikdə 924 min 901 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. Daxil olan şikayətlər əsasında Əmrah Ramazan barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə üç vətəndaş və “Sara Qrup” QSC zərərçəkmiş şəxs qismində tanınıb. Qeyd olunur ki, istintaq prosesi gedişində vurulmuş ziyandan 144 min manatlıq hissə ödənilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin bildirilir ki, Ə.Ramazan Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.




