
ABŞ konqresmeni Ukraynaya edilən hərbi dəstəyin xərclərindən danışıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Den Krenşou Ukraynaya göstərilən hərbi yardımın Qərb ölkələrinə nisbətən ucuz başa gəldiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ukraynaya hərbi dəstək ABŞ və digər Qərb müttəfiqlərinə az vəsaitə başa gəlir, lakin onlar Ukraynaya daha geniş imkanlar təmin etməlidirlər. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında Texas ştatını təmsil edən respublikaçı Den Krenşou məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Ukraynaya dəstək üçün ayrılan vəsaitlər Rusiyanın təcavüzünün ilk mərhələsində belə ABŞ-ın müdafiəyə xərclədiyi ümumi məbləğin cüzi hissəsini təşkil edirdi. Həmçinin bu vəsaitlərin böyük qismi məhz Amerika istehsalı olan hərbi texnikanın alınmasına yönəldilirdi.
Konqresmen vurğulayıb ki, ABŞ büdcəsi üçün nisbətən kiçik olan bu xərclər Rusiyanın Ukrayna sərhədlərində dayandırılmasına və Avropada uzunmüddətli sülhün qorunmasına şərait yarada bilərdi. Əgər Rusiya Ukraynanı ələ keçirsəydi, Vladimir Putin NATO-nun daha dörd üzvü ilə birbaşa həmsərhəd olacaqdı.
Son olaraq bildirilib ki, hazırda da Ukraynaya maliyyə və hərbi dəstək Qərb müttəfiqləri üçün böyük xərclər tələb etmir. Bunun əsas səbəbi isə Ukraynanın öz hərbi-sənaye bazasını formalaşdırmasıdır və hazırda əsas ehtiyac kəşfiyyat məlumatları ilə raket hücumundan müdafiə sahəsindədir.




