
Püstə banandan qat-qat çox kalium ehtiva edir
Hər kəsin bildiyinin əksinə olaraq, banandan üç dəfə çox kaliumla zəngin olan püstə sağlamlıq üçün bir çox faydalara malikdir.
Orqanizm üçün əvəzedilməz minerallardan biri olan kalium deyildikdə əksər hallarda ilk olaraq banan xatırlanır. Lakin aparılan araşdırmalar göstərir ki, püstə bu mineralın miqdarına görə bananı geridə qoyur və zəngin tərkibi ilə seçilir.
Məlumatlara əsasən, hər 100 qram püstənin tərkibində təxminən 1020 milliqram kalium mövcuddur. Müqayisə üçün qeyd edək ki, eyni miqdarda bananda cəmi 350-360 milliqram kalium olur.
Kalium insan bədənində əzələ və sinir sistemlərinin düzgün fəaliyyət göstərməsində, eləcə də qan təzyiqinin tənzimlənməsində həlledici rol oynayır.
Ürək-damar sağlamlığını da dəstəkləyən bu çərəz doymamış yağ turşuları və fitosterollarla zəngindir. Xolesterin səviyyəsini nəzarətdə saxlamağa kömək edən püstə, tərkibindəki E vitamini və polifenollar vasitəsilə hüceyrələri qoruyur.
Zülal və liflərlə zəngin olması uzun müddət toxluq hissi yaradır, B6 vitamini isə sinir sistemini gücləndirir. Mütəxəssislər bu faydalardan yararlanmaq üçün gündə bir ovuc, yəni təxminən 25-30 qram duzsuz püstə istehlak etməyi tövsiyə edirlər.




