
Azərbaycan cüdoçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb
Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan nümayəndə heyəti Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında cari yarışların ilk qızıl medalına sahib olub.
Milli Olimpiya Komitəsindən verilən məlumata əsasən, bu böyük uğura 55 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Talıbov imza atıb. O, həlledici final qarşılaşmasında xorvatiyalı idmançı Zvorc Jonanı məğlub edərək ölkəmizə ilk çempionluğu gətirib.
Qeyd edək ki, yarışa dörddəbir final mərhələsindən qoşulan həmyerlimiz əvvəlki görüşlərdə Mərkəzi Afrika Respublikasından İbrahim Mussanı, daha sonra isə Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı üstələməyi bacarmışdı.
Xatırladaq ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026" turnirində Azərbaycan idmançısı 8 müxtəlif idman növü üzrə ümumilikdə 13 atletlə təmsil olunur.




