
İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı açıqlanıb
Cari ilin ilk doqquz ayında dövlət tibb müəssisələrində icbari tibbi sığorta əsasında 75 milyondan çox tibbi xidmət göstərilib.
AzadAzərbaycan xəbər verir ki, cari ilin ilk doqquz ayında dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 75 milyondan çox tibbi xidmət göstərilib. Bu xidmətlərin 88 faizi ambulator, 12 faizi isə stasionar şəraitdə həyata keçirilib.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Məhərrəmov bildirib ki, hesabat dövründə dövlət tibb müəssisələrinə müraciət edən vətəndaşların sayı 4,8 milyon nəfər təşkil edib. Onlardan 1,5 milyonunu uşaqlar təşkil edib, ümumi müraciətlərin sayı isə 20 milyona çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciət edənlərin sayında 3,8 faiz, ümumi müraciətlərdə 8,4 faiz, göstərilən tibbi xidmətlərdə isə 9 faiz artım qeydə alınıb.
Rəşad Məhərrəmov qeyd edib ki, agentlik vətəndaşların ehtiyac duyduğu tibbi xidmətlərin müəyyənləşdirilməsi və icbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir. İcbari tibbi sığortanın tətbiqinə başlanılan dövrdə Xidmətlər Zərfinə 1839 xidmət daxil olduğu halda, hazırda bu göstərici 3318-ə çatıb.
Sədr müavini 2027-ci ildən etibarən Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunmasının planlaşdırıldığını bildirib. O, arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman preparatlarının resept əsasında vətəndaşlara təqdim edilməsi ilə bağlı nəzərdə tutulan işləri diqqətə çatdırıb.
Bundan başqa, koxlear implantasiya əməliyyatı keçirmiş vətəndaşlar üçün üç yeni xidmət Xidmətlər Zərfinə əlavə olunub. Eyni zamanda, sümük iliyinin transplantasiyası ilə bağlı xidmətlərin sayı 20-dən 50-yə çatdırılaraq 2,5 dəfə artırılıb.
Xəbəri dostlarınızla paylaşın




