
Azərbaycanda səhiyyə sisteminin idarə olunmasında yeni mərhələ başladı
Prezidentin imzaladığı fərmanlarla ölkə səhiyyəsində idarəetmənin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində yeni mərhələyə start verilib.
Azərbaycanda səhiyyənin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır və dövlət başçısının imzaladığı fərman və sərəncamlarla bu sahədə islahatların yeni mərhələsinə başlanılıb. Yeni mərhələdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması əsas hədəflərdəndir.
Son illərdə Azərbaycan səhiyyəsi qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla möhkəm hüquqi baza yaradılmaqla böyük inkişaf yolu keçib. Respublikada maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni xəstəxanaların tikilməsi və kadr hazırlığı istiqamətində ardıcıl tədbirlər görülür.
Oktyabr ayında imzalanan müvafiq fərmana əsasən, səhiyyə sisteminin inkişafına adekvat struktur dəyişikliyi edilib və TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu islahatların əsas məqsədi səhiyyə siyasətində dağınıqlığı aradan qaldırmaq və vahid strateji koordinasiya yaratmaqdır.
Mütəxəssislərin fikrincə, TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid dövrünün uğurlu mərhələsi idi. İndi isə keçid dövrünün başa çatması ilə daha qlobal, vahid və mərkəzləşdirilmiş idarəetmə mərhələsinə keçid təmin olunur.
Həyata keçirilən dəyişikliklər tibbi xidmətlərin əlçatanlığını, müalicə keyfiyyətini və şəffaflığı artırmağa xidmət edir. Əsas məqsəd vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxışını təmin etmək və səhiyyə idarəçiliyini müasir tələblərə uyğunlaşdırmaqdır.




