
Azərbaycanla Türkiyə əlaqələri gündəlik siyasətin hədəfi ola bilməz
Türkiyə Böyük Millət Məclisində çıxış edən parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım iki ölkə arasındakı qardaşlıq bağlarının qədim köklərə malik olduğunu bildirib.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər gündəlik siyasi maraqlara qurban verilməyəcək qədər dərin köklərə və qədim tarixə malikdir. Bu barədə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı danışıb.
O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə vurğuladığı kimi, bu əlaqələr sadəcə iki dövlət arasındakı münasibətlərdən qat-qat üstündür. Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevi, onun ailəsini və ölkəmizi hədəf alan bəzi fikirləri sərt şəkildə qınadıqlarını diqqətə çatdırıb.
Tənqid ilə təhqirin fərqli anlayışlar olduğunu vurğulayan deputat Qazi Məclisin kürsüsünün hər zaman qardaşlıq bağlarını möhkəmləndirən fikirlərə ev sahibliyi etməli olduğunu bildirib. O, hakim qüvvələrin və Cümhur İttifaqının bu məsələdə qəti mövqe sərgilədiyini ifadə edib.
AzadAzərbaycan xəbər verir ki, Şamil Ayrım dövlət başçısının müəyyənləşdirdiyi strateji çərçivədən kənara çıxmaq cəhdlərinin qəbuledilməz olduğunu da sözlərinə əlavə edib. Çıxışının sonunda o, Türkiyə və Azərbaycanın hər zaman bir yerdə güclü olduğunu bir daha diqqətə çatdırıb.




