
FHN əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil edib
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ölkənin müxtəlif bölgələrində fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturları əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılması məqsədilə növbəti maarifləndirici tədbirlər həyata keçirib. Genişmiqyaslı görüşlər təhsil, səhiyyə və idarəetmə müəssisələrində, eləcə də sakinlər arasında təşkil olunub.
Tədbirlər FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin iştirakı ilə Bakı, Sumqayıt, Gəncə, Aran, Qarabağ, Şimal, Cənub, Şimal-Qərb və Muğan regional mərkəzlərinin əhatə etdiyi rayonlarda baş tutub. Maarifləndirmə prosesinə müxtəlif orta məktəblər, liseylər, tibb ocaqları, ASAN xidmət mərkəzi və digər dövlət qurumları cəlb olunub.
Görüşlərin əsas məqsədi vətəndaşları baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı doğru davranış qaydaları ilə tanış etməkdir. İştirakçılara ölkə üçün xarakterik olan təhlükələr, o cümlədən yanğın, zəlzələ və sel zamanı görülməli zəruri tədbirlər haqqında ətraflı məlumat verilib.
Mütəxəssislər FHN-in "112" qaynar telefon xəttinin təyinatını izah edib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani şəkildə nümayiş etdiriblər. İnteraktiv formada keçirilən görüşlərin sonunda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.




