
Azərbaycanın bir neçə bölgəsində qar yağır: Yağıntılar intensivləşib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi rayonlara qar və sulu qar yağır.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i səhər saatlarına olan göstəricilərinə görə, ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti hökm sürür. Müxtəlif bölgələrdə leysan xarakterli güclü yağışlar müşahidə edilir.
Verilən xəbərə əsasən, Kəlbəcər və Ordubadın dağlıq ərazilərində qar örtüyü yaranıb. Kəlbəcərdə qarın qalınlığı 2 santimetrə çatıb. Eyni zamanda Laçın və Qubadlı rayonlarının bəzi yerlərinə sulu qar yağıb.
Paytaxt Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı 9 millimetrədək olub. Bölgələrdən ən çox yağıntı Neftçalada (48 mm - aylıq normanın 106%-i), Biləsuvarda və Mingəçevirdə qeydə alınıb. Şuşa, Xankəndi, Xocalı və Füzuli ərazilərində də arabir yağış yağır.
Həmçinin Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax, Şəki və digər bir sıra rayonlarda duman səbəbindən yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır.




