
İndoneziyada Azərbaycanın ASAN xidmət modeli əsasında 300-dən çox mərkəz açılıb
İndoneziyada Azərbaycanın 'ASAN xidmət' təcrübəsi tətbiq olunaraq 300-dən çox dövlət xidməti mərkəzi fəaliyyətini davam etdirir.
Azərbaycanın uğurlu idarəetmə modeli olan 'ASAN xidmət' təcrübəsi əsasında hazırda İndoneziyada 300-dən artıq dövlət xidməti mərkəzi fəaliyyət göstərir. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika məsələləri üzrə baş direktoru Santo Darmosumartonun başçılıq etdiyi nümayəndə heyəti 'ASAN xidmət' mərkəzini ziyarət edib. Görüş zamanı Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan mərkəzlər və sosial innovasiyalar sahəsindəki yeniliklər haqqında ətraflı məlumat təqdim edib.
İndoneziya təmsilçiləri Azərbaycanın bu qabaqcıl modelinin öz ölkələrində uğurla tətbiq edildiyini vurğulayıblar. Həmçinin qarşıdakı illərdə müvafiq istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Səyyar ASAN xidmətin, 'INNOLAND' İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və 'Bilim Bakı' mərkəzinin iş prinsipi ilə də yaxından tanış olub.




