
Azərbaycanda Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalanıb
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda Qarabağ Milli Parkı yaradılıb.
AzadAzərbaycan xəbər verir ki, ölkəmizdə yeni ekoloji layihə çərçivəsində Qarabağ Milli Parkı təsis edilib. Dövlət başçısı bununla əlaqədar müvafiq Sərəncam imzalayıb.
Yeni yaradılan parkın əsas məqsədi xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini genişləndirmək, işğaldan azad olunmuş torpaqların zəngin ekosistemini qorumaq və biomüxtəlifliyi bərpa etməkdir. Eyni zamanda, bölgədə ekoturizmin inkişafına şərait yaratmaq hədəflənir.
Sənədə əsasən, Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərindən ümumilikdə 88 418 hektar torpaq sahəsi ayrılaraq xüsusi qorunan ərazilər kateqoriyasına daxil edilib və bu ərazidə sözügedən Milli Park yaradılıb.
Qeyd edək ki, işğal dövründə həmin ərazilərin təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan dəyib. Azadlıqdan sonra isə regionun 'yaşıl artım' zonasına çevrilməsi istiqamətində mühüm addımlar atılır.




