
“AzerGold” və Asiya İnkişaf Bankı birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
“AzerGold” QSC ilə Asiya İnkişaf Bankı dağ-mədən sənayesi və kritik mineralların hasilatı sahəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.
AzadAzərbaycan xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ilə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında görüş keçirilib. Tərəflər dağ-mədən sektoru, eləcə də kritik mineralların hasilatı və emalı üzrə birgə fəaliyyət imkanlarını geniş şəkildə müzakirə ediblər.
Görüş əsnasında “AzerGold”un strateji planları, o cümlədən Balakəndəki Filizçay polimetal yatağında aparılan texniki-iqtisadi əsaslandırma işləri diqqət mərkəzində olub. Həmçinin Şəmkirdə yerləşən Qərb Sənaye Parkında yaşıl texnologiyalara əsaslanan isti briketlənmiş dəmir istehsalı kompleksinin qurulması layihəsi və Söyüdlü qızıl yatağının mövcud vəziyyəti ilə gələcək istismar planları nəzərdən keçirilib.
AİB-in ölkə direktoru bankın özəl sektorun maliyyələşdirilməsi üzrə strateji hədəflərini bölüşərək, kritik minerallar sahəsində yeni maliyyə mexanizmlərinin tətbiq edildiyini diqqətə çatdırıb. O, regional iqtisadiyyatın güclənməsinə, dayanıqlı inkişafa və məşğulluğun artırılmasına xidmət edən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.
Zakir İbrahimov cəmiyyətin 10 illik fəaliyyəti müddətində əldə etdiyi uğurlar və ölkənin mineral-xammal bazasının araşdırılması istiqamətindəki fəaliyyəti haqqında məlumat verib. Sədr “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsini bu sahəyə dövlət səviyyəsində göstərilən strateji diqqətin təzahürü kimi dəyərləndirib.
Təqdim olunan layihələrin reallaşdırılmasının ölkənin sənaye gücünü artıracağı, yeni iş yerləri açacağı və regionların iqtisadi tərəqqisinə mühüm töhfə verəcəyi vurğulanıb. Müzakirələrin sonunda maliyyə və texniki işçi qrupları çərçivəsində sıx təmasların saxlanılması və konkret layihələr üzrə imkanların qiymətləndirilməsi razılaşdırılıb.




