
Liviyada silahlı qrup dövlət qurumunun binasına hücum edib
Tripolidə silahlı şəxslər Hesablama Palatasının mənzil-qərargahına basqın edərək rəhbərlikdə dəyişiklik etməyə cəhd göstəriblər.
Liviyanın paytaxtı Tripolidə bir qrup silahlı şəxs Hesablama Palatasının mənzil-qərargahına basqın təşkil edib. Hücum edənlər qurumun rəhbərliyində dəyişiklik etməyə çalışıblar.
Məlumata görə, maskalı şəxslər Ənvər əl-Hauşın Hesablama Palatasının sədr müavini postuna təyinatını gerçəkləşdirmək məqsədi ilə binaya soxulublar. Sözügedən təyinat Ali Dövlət Şurasının rəhbəri Məhəmməd Təkala tərəfindən verilsə də, həm şuranın özündə, həm də parlamentdə narazılıqla qarşılanıb.
Araşdırmalar zamanı basqında iştirak edənlərin Milli Razılıq Hökumətinə tabe olan 444-cü Briqadanın üzvləri olduğu müəyyənləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası baş verənlərlə bağlı sərt açıqlama yayıb. Qurum Hesablama Palatasının fəaliyyətinə hər hansı silahlı müdaxilənin dərhal dayandırılmasını və basqınçıların binanı tərk etməsini tələb edib.
Missiya nümayəndələri qeyd ediblər ki, kadr dəyişikliklərinin güc tətbiq olunmaqla həyata keçirilməsi ölkədə qanunun aliliyinə və dövlət institutlarının müstəqilliyinə ciddi təhlükə törədir.




