
Matçda geyindiyi corabları satan iş adamı barədə cinayət işi açıldı
Türkiyədə futbol matçında geyindiyi corabları 10 min dollara satdığını açıqlayan zərgərlik biznesi sahibi Ersan Gülməz barəsində rəsmi araşdırma başlanıb.
Türkiyədə "Fənərbağça" və "Liverpul" qarşılaşmasında geyindiyi corabları 10 min dollara satdığını iddia edən tanınmış iş adamı Ersan Gülməz haqqında hüquqi addımlar atılıb.
Sosial şəbəkələrdə "Ersan Diamond" kimi tanınan zərgər həmin corabların uğur gətirdiyini və əldə olunan vəsaitin dövlət himayəsindəki uşaqlara ianə ediləcəyini bildirmişdi.
Lakin bu addım Ailə və Sosial Xidmətlər Nazirliyinin kəskin etirazına səbəb olub və dövlət himayəsində olan uşaqların bu cür addımlarla hallandırılması qəbuledilməz qiymətləndirilib.
Nazirliyin müraciəti əsasında iş adamı barəsində qanunvericiliyin müvafiq maddələri üzrə araşdırma aparılması üçün rəsmi şikayət verilib və paylaşımın silinməsi tələb edilib.




