
Mercedes-Benz daha kiçik ölçülü yeni kompakt G-Class modelini təqdim edəcək
Almaniyanın avtomobil nəhəngi Mercedes-Benz yaxın iki il ərzində G-Class yolsuzluq avtomobilinin daha kiçik versiyasını bazara çıxarmağı planlaşdırır.
AzadAzərbaycan xəbər verir ki, Mercedes-Benz yaxın iki il ərzində bazara təqdim olunacaq G-Class yolsuzluq avtomobilinin daha kiçik, benzin və elektrik mühərrikli versiyalarını hazırlayır.
Yeni kompakt model böyük G-Wagen-in tanınan xarici görünüşünü və yüksək yolsuzluq qabiliyyətini özündə saxlasa da, tamamilə fərqli alıcı kütləsinə hesablanacaq. Mercedes-AMG-nin baş direktoru Stefan Vekbax bildirib ki, bu avtomobil yeni auditoriyanın maraqlarını təmin edəcək.
Şirkətin baş direktoru Ola Källeniusun sözlərinə görə, nəqliyyat vasitəsinin 24 aydan az müddətdə satışa çıxarılması gözlənilir. Bu da avtomobilin təqribən 2028-ci ilə qədər debüt edəcəyinə işarə edir.
Kompakt SUV sadəcə orijinal modelin kiçildilmiş surəti olmayacaq. Avtomobil daxili yanma mühərriki və elektrik güc aqreqatı variantları ilə təchiz olunacaq. Eyni zamanda, istehsal prosesinin Almaniya əvəzinə Macarıstanda həyata keçirilməsi də nəzərdən keçirilir.




