
Ağcaqanadlara qarşı süni intellektli lazer müdafiə sistemi hazırlandı
Mühəndis Stiven Çenq evdəki ağcaqanadları avtomatik aşkarlayıb lazerlə məhv edən innovativ müdafiə qurğusu yaradıb.
Yay mövsümündə bir çox insanın narahatlığına çevrilən, sprey və müxtəlif preparatlarla qarşısı tam alına bilməyən ağcaqanad probleminə qarşı fantastik filmləri xatırladan texnoloji həll hazırlanıb. AzadAzərbaycan xəbər verir ki, süni intellekt və kompyuter görməsi üzrə ixtisaslaşan mühəndis Stiven Çenq otaqdakı ağcaqanadları zərərsizləşdirən lazer müdafiə sistemi ərsəyə gətirib.
Mütəxəssis alqoritmi təlimatlandırmaq üçün evdəki ağcaqanadları yüksək ayırdetmə qabiliyyətinə malik kamera ilə çəkərək geniş məlumat bazası formalaşdırıb. Nəticədə süni intellekt digər zərərsiz həşəratları toxunulmaz saxlayaraq yalnız ağcaqanadları xüsusi dəqiqliklə fərqləndirməyi mənimsəyib.
Qurğunun iş prinsipi üç əsas mərhələdən ibarətdir: ilk olaraq yüksək sürətli kamera otaqdakı mühiti daimi nəzarətdə saxlayır, ağcaqanad təyin edildikdə koordinatlar dərhal fırlanan lazer platformasına ötürülür və saniyənin mində biri qədər qısa müddətdə lazer şüası ilə həşərat zərərsizləşdirilir.
Ev şəraitində güclü lazer şüalarından istifadənin təhlükəsizliyi məsələsi də diqqətdən kənarda qalmayıb. Mühəndis sistemə əlavə təhlükəsizlik kamerası qoşub. Otaqda insan və ya ev heyvanı tərpənişi qeydə alınan kimi süni intellekt lazer sistemini dərhal dövriyyədən çıxarır.
Yenilikçi texnologiyanın ilk sınaqları yüksək səmərəlilik nümayiş etdirib. Stiven Çenq bildirib ki, bircə gecəlik test rejimindən sonra mənzildə tək bir ağcaqanad belə qalmayıb.



