
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib
Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Azərbaycanın paytaxtında “Ortaq gələcək naminə dialoq” devizi altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi baş tutub. Tədbirdə ölkə başçısı İlham Əliyev iştirak edib və geniş nitq söyləyib.
Dövlət başçısı qeyd edib ki, ötən 15 il ərzində bu forum qlobal miqyasda mədəniyyətlərarası münasibətlərin tənzimlənməsi üçün ən səmərəli platformalardan birinə çevrilib. Azərbaycanda qədimdən mövcud olan multikulturalizm ənənələri, dini və etnik dözümlülük cəmiyyətin sabit inkişafının təməlini təşkil edir.
Çıxış zamanı ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərə toxunulub, həmçinin tarixi ədalətin bərpası istiqamətində atılan addımlar vurğulanıb. Bildirilib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquq norma əsasında bərpa edib.
Prezident İlham Əliyev ölkəmizin regionda sülhün və əməkdaşlığın tərəfdarı olduğunu diqqətə çatdırıb. Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təşəbbüsünün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü qeyd olunub.




