
Qara dəniz dünyanın ən təhlükəli ticarət yoluna çevrilib
Rusiya hücumları səbəbindən Qara dənizdə həlak olan dənizçilərin sayı Fars körfəzindəki göstəricini üstələyib.
Rusiya hücumları nəticəsində Qara dəniz dünyanın ən təhlükəli ticarət marşrutuna çevrilib. Burada həlak olan dənizçilərin sayı hətta Fars körfəzindəki göstəricini də üstələyib.
Məlumata görə, gəmilərin heyətləri mütəmadi olaraq PUA və raketlərin hücumlarına məruz qalırlar.
AzadAzərbaycan xəbər verir ki, dəniz təhlükəsizliyi üzrə “Ambrey” şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən, bu il regionda 570-dən çox gəmi hücumlardan zərər çəkib, ölənlərin sayı isə 40 nəfəri ötüb. Dəniz yollarında tərəflər arasında qarşılıqlı hücumlar nəticəsində insidentlərin sayı kəskin artıb.
Üçüncü rübdə hücumların gündəlik orta sayı dördü ötüb. Mövcud təhlükələr səbəbindən Qara dənizdə gəmilərin hərbi sığorta haqqı onların korpus dəyərinin 15%-nə qədər yüksəlib. Bu, Fars körfəzindəki göstəricidən iki dəfə çoxdur.
Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75% azalıb.




