
Qubadlı Şəhəri Günü tarixi Zəfərin və dövlətçilik iradəsinin təntənəsidir
Milli Məclisin komitə sədri Tahir Rzayev Qubadlı Şəhəri Gününün əhəmiyyətindən danışıb, rayonda aparılan bərpa işlərini və tarixi Zəfərin əhəmiyyətini vurğulayıb.
Qubadlı Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması və milli dövlətçilik iradəsinin təntənəsi baxımından mühüm əhəmiyyət daşıyır. Hər il oktyabrın 25-də qeyd olunan bu əlamətdar gün xalqımızın torpaqlarına bağlılığını, milli həmrəyliyini və müstəqil dövlət quruculuğu yolunda qazandığı nailiyyətləri təcəssüm etdirir. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Deputat qeyd edib ki, Qubadlının azadlığı yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılmış tarixi addımlardan biridir. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və nəticədə ciddi dağıntılara məruz qalmışdı. Uzun illər həsrətdən sonra 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu tərəfindən azad edilən Qubadlı ölkənin Zəfər yürüşündə mühüm dönüş nöqtələrindən biri oldu.
O, bu tarixi qələbənin təmərküzləşməsində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin əsas rol oynadığını diqqətə çatdırıb. Həmçinin 2020-ci il dekabrın 23-də dövlət başçısının Qubadlıda Azərbaycan bayrağını ucaltmasının tarixi əhəmiyyət daşıdığı vurğulanıb.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda yol-nəqliyyat infrastrukturu, elektrik təchizatı sistemi, sosial obyektlər və yaşayış məhəllələri yaradılır. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, həmçinin şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi Böyük Qayıdışın uğurla icra olunduğunu göstərir.




