
Ermənistanda Azərbaycanla sərhəd meşəlikdə qanunsuz ağac kəsənlər saxlanılıb
Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəd olan Çakaten meşəbəyliyi ərazisində qanunsuz ağac kəsən şəxslər aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Ermənistanın Qafan meşə təsərrüfatının tabeliyində olan Çakaten meşəbəyliyində ağacların qanunsuz kəsilməsi faktı qeydə alınıb.
Bölgədə fəaliyyət göstərən ekopatrul xidmətinin nümayəndələri tərəfindən həyata keçirilən yoxlamalar zamanı iki nəfərin meşə zolağında ağac kəsdiyi müəyyən edilib. Həmin şəxslər kəsilmiş oduncaqların qanuni əsaslarla əldə olunduğunu sübut edən müvafiq sənədləri təqdim edə bilməyiblər.
Aşkar edilən oduncaq materialları mühafizə olunması məqsədilə meşə təsərrüfatına təhvil verilib. Qanunsuz əmələ yol verən şəxslər haqqında protokollar tərtib olunub və ətraf mühitə vurulmuş ziyanın həcmi hesablanıb.
Məlumat üçün bildirək ki, Zəngəzur vilayətində yerləşən Çakaten kəndi Azərbaycanın Qubadlı rayonunun Eyvazlı yaşayış məntəqəsi ilə həmsərhəd ərazidə yerləşir.




