
Ukrayna qüvvələri Rusiyanın Moskva vilayətindəki hərbi zavodunu hədəfə alıb
Ukrayna ordusunun pilotsuz uçuş aparatları və raketlərlə Rusiya Müdafiə Nazirliyinin Serpuxov şəhərindəki hərbi zavoduna endirdiyi zərbə nəticəsində partlayışlar baş verib.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan və Moskva vilayətinin Serpuxov şəhərində yerləşən 75 saylı arsenal hərbi zavoduna hücum təşkil ediblər.
Yerli mənbələrin yaydığı məlumata görə, müəssisəyə qarşı PUA-lar və raketlərdən istifadə olunub. Zərbələr nəticəsində həm zavodun, həm də yaxınlıqdakı hərbi hissənin ərazisində güclü partlayışlar qeydə alınıb.
Qeyd edək ki, sözügedən arsenal zavodu müxtəlif növ silah və sursatların istehsalı ilə məşğuldur. Eyni zamanda, burada hərbi texnika, artilleriya sistemləri, eləcə də Buk-M1, Buk-M2 və S-300V kimi hava hücumundan müdafiə kompleksləri təmir edilərək bərpa olunur.




