
ADA Universitetində Genetika və Biotexnologiya Konfransı keçiriləcək
ADA Universiteti və "Gözel Seeds" şirkətinin təşkilatçılığı ilə oktyabrın 30-da Genetika və Biotexnologiya Konfransı baş tutacaq.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 30-da saat 09:30-da ADA Universitetində Genetika və Biotexnologiya Konfransı təşkil olunacaq. ADA Universiteti və "Gözel Seeds" şirkətinin birgə təşkil etdiyi tədbirdə Türkiyənin aparıcı ali təhsil müəssisələrindən altı tanınmış professor və tədqiqatçı iştirak edəcək.
Konfransın əsas qayəsi beynəlxalq təcrübə və bilik mübadiləsini genişləndirmək, habelə akademik mühitlə sənaye sektoru arasında əlaqələri möhkəmləndirməkdir. Müzakirələr kənd təsərrüfatında innovasiyalar, elmi tərəqqi və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyan genetika və biotexnologiya mövzularına həsr ediləcək.
Qabaqcıl seleksiya texnologiyalarından və molekulyar marker üsullarından istifadə edən "Gözel Seeds" şirkəti öz təcrübəsini bölüşərək Azərbaycanın aqrar və elmi potensialının artırılmasına dəstək olmağı hədəfləyir. Seminar və dəyirmi masa formatında keçiriləcək tədbirdə tələbələr, alimlər və tədqiqatçılar beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Tədbirdə "Gözel Seeds"in təsisçisi Tahir Gözel kənd təsərrüfatına özəl investisiya qoyuluşunun rolu və gənc kadrların yetişdirilməsi barədə çıxış edəcək. Həmçinin ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin dekanı, professor Matteo Vittuari də tədqiqatların təhsillə inteqrasiyası istiqamətində öz mülahizələrini bölüşəcək.
Konfrans çərçivəsində ADA Universitetində Genetika və Biotexnologiya Yay Məktəbi proqramının təşkili imkanları da nəzərdən keçiriləcək. Bu təşəbbüs tələbələrin müasir tədqiqat metodlarını mənimsəmələrinə və beynəlxalq təcrübə qazanmalarına şərait yaradacaq.
Xəbəri dostlarınızla paylaşın




