
AFFA-da yeni kadr təyinatı: Əli Verdiyev departament direktoru seçildi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında yeni təyinat gerçəkləşib. Əli Verdiyev Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə gətirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) kadr dəyişikliyi baş verib. Qurumun məlumatına əsasən, Əli Verdiyev Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Təyinata qədər müxtəlif beynəlxalq qurumlarda və özəl sektorda idarəedici vəzifələrdə çalışan Əli Verdiyev, böhran kommunikasiyası və reputasiyanın idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir. O, "Philip Morris International", "NEQSOL Holding" və "Japan Tobacco International" kimi nüfuzlu şirkətlərdə çalışıb, habelə "Uber Azerbaijan"da dövlət əlaqələri direktoru funksiyasını icra edib.
Bununla yanaşı, Verdiyev Dünya Bankının proqramlarında sosial mütəxəssis, Hesablama Palatasında direktor müavini və UNICEF-də beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərib. O, təhsilini Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində magistr dərəcəsi üzrə tamamlayıb.
Xatırladaq ki, bu vəzifəni daha əvvəl icra edən Murad Axundov oktyabrın 1-də qurumla yollarını ayırmışdı.




