
Naxçıvan enerji sistemində böyük sıçrayış: Yeni stansiyalar və ixrac layihələri
Naxçıvan Muxtar Respublikası enerji blokadasından çıxaraq dayanıqlı təchizata nail olub və artıq xarici bazarlara elektrik ixrac etmək imkanlarını genişləndirir.
AzadAzərbaycan xəbər verir ki, vaxtilə blokada şəraitində ciddi enerji çatışmazlığı ilə üzləşən Naxçıvan Muxtar Respublikası həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özünün enerji təhlükəsizliyini tam təmin edib. Son 20 il ərzində bölgədə generasiya gücləri əhəmiyyətli dərəcədə artırılıb, müasir su, istilik və günəş elektrik stansiyaları istifadəyə verilib. Hazırda regionun ümumi qoyuluş gücü 200-245 meqavat təşkil edir, suyun bol olduğu dövrlərdə isə bərpa olunan enerjinin payı 70-90 faizə çatır.
Bölgənin enerji dayanıqlığında mühüm rolu olan 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyası fəaliyyətini fasiləsiz davam etdirir. Finlandiya texnologiyası ilə qurulan və 10 generasiya blokundan ibarət olan bu müəssisə 2026-cı ilin ilk doqquz ayında 173 milyon 125 min kilovat-saat elektrik enerjisi istehsal edib və bunun 169 milyon 927 min kilovat-saatını daxili şəbəkəyə ötürüb. Stansiyanın səmərəli fəaliyyəti sayəsində regionun fasiləsiz təchizatı etibarlı şəkildə qorunur.
Regionun sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində “Azərenerji” ASC infrastrukturun köklü yenilənməsini həyata keçirir. Muxtar respublikada Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi fəaliyyətə başlayıb, “Naxçıvan”, “Babək”, “Çeşməbasar” kimi müasir yarımstansiyalar tikilib və ya təmir olunub. Eyni zamanda ümumi gücü 50 meqavat təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları tikilir, Naxçıvan Sənaye Parkında isə mövcud gücü 1,5 dəfə artıracaq 300 meqavatlıq yeni istilik elektrik stansiyasının təməli qoyulub.
Perspektiv planlara əsasən, Naxçıvanın elektrik şəbəkəsinin Cəbrayıl istiqamətindən 330 kV-luq xətlə Azərbaycanın vahid enerji sisteminə inteqrasiyası və Türkiyəyə 400 kV-luq ikidövrəli ixrac xəttinin çəkilməsi hədəflənir. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin mühüm qovşağına çevrilməsi və qitə bazarlarına yaşıl enerji ixracının təmin edilməsi nəzərdə tutulur.




