
Bakıda Azərbaycan və Norveç XİN başçısı müavinləri səviyyəsində danışıqlar aparıb
Bakıda Azərbaycan və Norveç Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr baş tutub.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Norveç Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu reallaşıb.
Nazirlikdən verilən məlumata əsasən, görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç tərəfinə isə XİN-in dövlət katibi Eivind Vad Petersson başçılıq ediblər.
Danışıqlar zamanı ölkələr arasında ikitərəfli siyasi əlaqələrin mövcud vəziyyəti dəyərləndirilib, eləcə də iqtisadi-ticarət, elm, təhsil və humanitar istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Bundan əlavə, regiondakı son proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlər və işğaldan azad edilən ərazilərdə aparılan bərpa işləri barədə ətraflı məlumat verilib.




