
Bakıda küçədə kolbasa satan keçmiş elmi işçinin diqqətçəkən həyat hekayəsi
8-ci kilometr bazarının yaxınlığında küçədə kolbasa satan 70 yaşlı Rəhilə xanımın elmi məqalələrinin vaxtilə yapon dilində işıq üzü gördüyü məlum olub.
Bakıda 8-ci kilometr bazarının yaxınlığında yol kənarında kolbasa satan 70 yaşlı Rəhilə xanım öz həyat hekayəsi ilə diqqət cəlb edir. O, vaxtilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olan Rəhilə xanımın elmi məqalələri hətta yapon dilində də nəşr olunub.
Təqaüdə çıxdıqdan sonra darıxdığı üçün küçə ticarəti ilə məşğul olduğunu bildirən Rəhilə xanım 500 manat təqaüd aldığını qeyd edib. O, hələ gənc yaşlarında, 28 yaşında həyat yoldaşını itirdikdən sonra iki övladını böyütmək üçün də elmi fəaliyyəti ilə yanaşı bu işlə məşğul olduğunu vurğulayıb. İndi isə Keşlədəki kolbasa zavodunda çalışan oğluna verilən məhsulları satmaq üçün küçəyə çıxır.
Açıq havada, xüsusi soyuducu olmadan satılan məhsulların saxlanma şəraiti təhlükəsizlik sualları doğursa da, satıcı məhsulların hər gün təzə gətirildiyini və keyfiyyətli olduğunu iddia edir. Məhsullar bazara nisbətən daha münasib qiymətə alıcılara təqdim olunur.
Keçmiş günlərini qürurla xatırlayan keçmiş alim arxivdə çoxlu sayda elmi məqaləsinin qaldığını bildirir. O, gündəlik bazar mühitində həm vaxtını keçirir, həm də ailə büdcəsinə dəstək olmağa davam edir.




