
Cəbhədən qaçan Rusiya hərbçiləri Kiyevə çatamağa çalışarkən saxlanılıblar
Ukrayna Təhlükəsizlik Xidməti cəbhə xəttindən qaçaraq paytaxt Kiyevdə gizlənməyə cəhd edən iki Rusiya hərbçisini yaxalayıb.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti cəbhədən qaçdıqdan sonra iki Rusiya hərbçisinin Ukrayna paytaxtında gizlənmək cəhdinin qarşısını alıb. Həmin şəxslər mülki geyinərək yolüstü nəqliyyat vasitələri ilə Kiyevə istiqamət alıblar.
Məlumata əsasən, saxlanılan hər iki şəxs Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 291-ci motoatıcı alayında xidmət edib. Onlar Kramatorsk istiqamətindəki mövqeləri tərk edərək "boz zona"da tapdıqları mülki paltarları geyinib, hərbi forma və silahlarını basdırıblar. Daha sonra piyada ən yaxın rayon mərkəzinə gələrək oradan Dnepr şəhərinə yollanıblar.
Lakin Dnepropetrovsk vilayətindəki yoxlama məntəqəsində onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Şəxslərdən birinin boynunda Rusiya hərbçisinə məxsus nişan aşkar edilib. İstintaq müəyyən edib ki, onlardan biri işğal olunmuş Luqansk sakini olub, digəri isə Rusiya vətəndaşıdır.
Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri tərəfindən Luqansk sakini olan şəxsə qarşı dövlətə xəyanət və əməkdaşlıq fəaliyyəti maddələri ilə ittiham irəli sürülüb. O, girov hüququ olmadan həbs edilib və əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası ilə üzləşir. Onun şəriki isə hərbi əsir qismində saxlanılır.




