
Bakıda faciə: 2 yaşlı uşaq qonşuya tapşırılan zaman yıxılaraq həlak olub
Bakının Sabunçu rayonunda azyaşlı qonşuya etibar edildiyi vaxt pilləkəndən yıxılaraq ölüb, hadisədən sonra kəskin mübahisə yaşanıb.
AzadAzərbaycan xəbər verir ki, paytaxtın Sabunçu rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Oktyabrın 28-də Anaşkin küçəsində qeydə alınan insident zamanı 2024-cü il təvəllüdlü A.İsmayılov həlak olub.
Məlumata görə, azyaşlının anası alış-verişə getmək məqsədilə evdən çıxarkən övladını müvəqqəti olaraq qonşusunun nəzarətinə buraxıb. Qadın qayıtdıqdan sonra uşağın pilləkəndən yıxılaraq dünyasını dəyişdiyini öyrənib.
Faciənin ardından uşağın anası ilə qonşu arasında gərginlik yaranıb və tərəflər arasında əlbəyaxa dava düşüb. Hadisə baş verən anda azyaşlının atasının işdə olduğu bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb, azyaşlının hansı şəraitdə və dəqiq nədən həlak olması dəqiqləşdirilir.




