
Çörək yedikdən sonra niyə yuxu gəlir: Mütəxəssis açıqlaması
Endokrinoloq Natalya Tananakina karbohidrat, triptofan və maqneziumla zəngin qidaların yeməkdən sonra niyə yuxululuq yaratdığını izah edib.
AzadAzərbaycan xəbər verir ki, çörək, xüsusilə də ağ çörək istehlak edildikdən sonra yaranan yuxululuq hissi bir sıra bioloji səbəblərlə əlaqədardır. Endokrinoloq Natalya Tananakina bildirib ki, karbohidratlar, triptofan və maqneziumla zəngin məhsullar bədəndə müəyyən reaksiyalar yaradaraq istirahət istəyini artırır.
Mütəxəssisin sözlərinə görə, un məmulatları və çörək qəbul edildikdən sonra qan şəkərinin səviyyəsində sürətli dəyişikliklər baş verir. Şəkərin kəskin şəkildə qalxıb-düşməsi orqanizmdə yorğunluq və yuxululuq hissini stimullaşdırır. Karbohidratların həddindən artıq qəbulu isə enerji səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.
Həkim qeyd edib ki, çörəkdən əlavə şirniyyatlar, bişintilər, kartof və ağ düyü də oxşar təsirə malikdir. Eyni zamanda, triptofan amin turşusu ilə zəngin olan kəsmik, süd və hinduşka kimi qidalar beyində serotonin səviyyəsini artıraraq insanı rahatladır və yuxuya meyilli edir.
Bundan əlavə, tərkibində maqnezium olan banan və müxtəlif qoz-fındıq növləri də yuxu proseslərini tənzimləməyə kömək edir. Lakin mütəxəssis xatırladıb ki, bütün bu qidalara qarşı orqanizmin reaksiyası hər bir insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.




