
BMT rəsmisi: Azərbaycan təşkilatın mühüm və etibarlı tərəfdaşıdır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ölkəmizin çoxtərəfli diplomatiyanı ardıcıl təşviq etdiyini bildirib.
Azərbaycan BMT-nin dəyərli və etibarlı tərəfdaşı kimi çıxış edir. Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko qurumun yaranmasının 81-ci ildönümü və BMT Nizamnaməsinin ratifikasiyasına həsr olunmuş tədbirdə məlumat verib.
O, Azərbaycanda ilk BMT Gününü qeyd etməyin özü üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. AzadAzərbaycan xəbər verir ki, Şlapaçenko respublikamızın qlobal miqyasda çoxtərəfli diplomatiyanı və beynəlxalq əməkdaşlığı fəal şəkildə dəstəklədiyini vurğulayıb.
Müasir dövrdə mövcud olan qlobal çağırışlara toxunan BMT rəsmisi bildirib ki, iqlim dəyişikliyi, bərabərsizlik, münaqişələr və sürətli texnoloji dəyişikliklər fonunda beynəlxalq həmrəylik daha da vacibdir. Onun sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması üçün daha inklüziv və səmərəli çoxtərəfli əməkdaşlıq mexanizmlərinə ehtiyac duyulur.




