
Ev şəraitində alətsiz idmanla məşğul olmağın üstünlükləri açıqlanıb
İdman zallarına getməyə imkanı olmayanlar üçün evdə alətsiz məşqlər həm vaxta qənaət edir, həm də fiziki və ruhi sağlamlığa böyük fayda verir.
AzadAzərbaycan xəbər verir ki, müasir dövrdə vaxt məhdudiyyəti və ya maddi imkanlar səbəbindən idman zallarına gedə bilməmək aktiv həyat tərzindən imtina etməyə əsas vermir. Heç bir əlavə avadanlıqdan istifadə etmədən də ev şəraitində bədən quruluşunu qorumaq və əzələləri möhkəmləndirmək mümkündür. Bədən çəkisindən istifadə olunaraq edilən bu məşqlər dözümlülüyü artırır, istənilən məkanda və vaxtda yerinə yetirilə bilir.
Mütəxəssislərin fikrincə, evdə idman etmək yalnız fiziki görkəmi yaxşılaşdırmır, həm də stresi azaldaraq əhval-ruhiyyəni qaldırır. Efektiv məşq üçün mütləq mürəkkəb trenajorlar və ya ağırlıqlar şərt deyil; düzgün və sistemli şəkildə edilən alətsiz hərəkətlərlə də eyni nəticəni qazanmaq olar. Hər kəsin bədən quruluşu, yaşı və maddələr mübadiləsi fərqli olduğu üçün idman proqramı da fərdi qaydada seçilməlidir.
Zədələnmələrin qarşısını almaq üçün məşqdən öncə mütləq isinmə hərəkətləri edilməli, proses tələsmədən yerinə yetirilməlidir. Mütəxəssislər idman geyimindən istifadə etməyi, mümkün qədər tək məşq etməməyi, eləcə də düzgün qidalanma və istirahət rejiminə riayət etməyi tövsiyə edirlər.




