
Kuryer fəaliyyəti ilə məşğul olanlar üçün aylıq 15 manat vergi tətbiq oluna bilər
Azərbaycanda kuryer kimi çalışan fərdi şəxslər üçün sadələşdirilmiş verginin aylıq sabit 15 manat məbləğində müəyyənləşdirilməsi təklif edilir.
Azərbaycanda kuryer fəaliyyəti ilə fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olan şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bu yenilik Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində öz əksini tapıb. Qeyd olunub ki, sifarişlərin çatdırılması avtomobil, motosiklet, velosiped və skuter kimi müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirilir.
Mütəxəssislərin fikrincə, bu sahədə çalışanların vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq vərdişləri zəifdir. Mövcud inzibati yük bəzi hallarda onları qeyri-rəsmi fəaliyyətə sövq edir.
Son illərdə elektron ticarətin genişlənməsi ilə kuryer xidmətlərinə tələbat sürətlə artıb. Sabit qəbz vasitəsilə vergi öhdəliklərinin yerinə yetirilməsi hesabatlılığı sadələşdirəcək və mühasibatlıq xərclərini azaldacaq.
Yeni mexanizm vergi orqanları üçün nəzarəti asanlaşdırmaqla yanaşı, əməliyyatların rəsmiləşdirilməsini və sektorun daha şəffaf olmasını təşviq edəcək.




