
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqların mərkəzində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə məktəbəqədər təhsil müəssisəsi və İmkon reabilitasiya mərkəzi ilə tanış olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənd şəhərində yerləşən Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və İmkon reabilitasiya mərkəzinin fəaliyyətini nəzərdən keçirib.
AzadAzərbaycan xəbər verir ki, səfər zamanı Leyla Əliyevaya bu müəssisələrdə azyaşlılara təqdim olunan təhsil, eləcə də tibbi və sosial reabilitasiya xidmətləri barədə ətraflı məlumat təqdim olunub.
Mərkəzlərdə ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri və ailələrə dəstək xidmətlərinin bir arada göstərildiyi, bütün proqramların isə tamamilə ödənişsiz həyata keçirildiyi diqqətə çatdırılıb.
Məktəbəqədər bölmələrin 150 uşaq üçün nəzərdə tutulduğu, burada 2-7 yaş arası uşaqların təhsil aldığı, korreksiya dərsləri keçdiyi və gündə beş dəfə qidalandığı bildirilib.
Tanışlıq mərasimində xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları, sensor inteqrasiya və akvaterapiya məkanları nümayiş etdirilib, uşaqlarla peşəkar mütəxəssislərin çalışdığı qeyd olunub.




