
Mateus Silva komanda yoldaşı Yankoviçlə yaşayan mübahisəsindən danışıb
“Qarabağ”ın braziliyalı müdafiəçisi Mateus Silva Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə matçda Marko Yankoviçlə baş verən insidentə aydınlıq gətirib.
AzadAzərbaycan xəbər verir ki, “Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə keçirilən və heç-heçə başa çatan oyundan sonra açıqlama verib.
29 yaşlı müdafiəçi qarşılaşmanın birinci hissəsində komanda yoldaşı Marko Yankoviçlə aralarında yaranan mübahisəyə münasibət bildirərək bunun oyunun gərginliyindən irəli gəldiyini qeyd edib. O bildirib ki, belə hallar futbolda təbiidir və hər kəs qələbə qazanmaq üçün mübarizə aparır.
Futbolçu oyun bitdikdən sonra hər şeyin sakitləşdiyini vurğulayıb: “Dediyim kimi, oyundan sonra hamı sakitləşir. Bu, yalnız meydanda baş verir. Orada bir-birimizdən nələrisə tələb edirik və belə bir komandada bu, normaldır. Hamı çempion olmaq istəyir, belə hallar da baş verir”.
Silva baş məşqçi Qurban Qurbanovun hər iki oyunçunun cəzalandırılacağı ilə bağlı sözlərinə də toxunaraq, bu məsələdə heç bir problemin olmadığını və komanda olaraq əsas hədəflərinin çempionluq olduğunu bildirib.




