
Pendirdən daha çox kalsiumla zəngin olan ətirli bitki açıqlandı
Mətbəxlərdə geniş istifadə edilən quru biberiyə zəngin mineral tərkibi və kalsium miqdarı ilə bərk pendirləri üstələyir.
Mətbəxlərdə tez-tez istifadə olunan ətirli bitki olan quru biberiyə zəngin mineral və antioksidant tərkibi ilə seçilir. Aparılan araşdırmalara görə, 100 qram quru biberiyədə təxminən 1280 milliqram kalsium mövcuddur. Bu göstərici hətta bərk pendirlərdəki kalsium miqdarından belə yüksəkdir və diş-sümük sağlamlığı üçün əhəmiyyətlidir.
Biberiyənin tərkibində kalsiumla yanaşı digər faydalı minerallar da var. 100 qram məhsulda təxminən 955 milliqram kalium qan təzyiqi və əzələləri dəstəkləyir, 220 milliqram maqnezium əsəb sistemini rahatladır, 29.3 milliqram dəmir isə hemoqlobin istehsalını artırmağa kömək edir.
Bitkinin sağlamlığa əsas faydalarından biri də antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olmasıdır. Tərkibindəki turşular sərbəst radikallarla mübarizə aparır, iltihabı azaldır. Eyni zamanda həzm sistemini dəstəkləyir, qarın köpünü yüngülləşdirir, yaddaşı gücləndirir və diqqəti toplamağa kömək edir.
Biberiyə xörəklərə əlavə olunan duzun miqdarını azaltmağa imkan yaradır. Onu sobada bişən yeməklərə, şorba və souslara qatmaq, həmçinin çay kimi dəmləyib içmək olar. Lakin həddindən artıq qəbulu mədə narahatlıqlarına səbəb ola bilər, efir yağını isə daxilə qəbul etmək qadağandır.




