
Qaçqınkomda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş yığıncaq təşkil olunub.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yığıncaqda komitə rəhbərliyi, əməkdaşlar, İctimai Şuranın üzvləri, eləcə də Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.
İclasda Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs olunub. Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda daimi məskunlaşanların, işləyənlərin və təhsil alanların sayı artıq yüz min nəfərə çatıb.
Daha sonra çıxış edən müharibə veteranları və ictimaiyyət nümayəndələri qazanılan Şanlı Zəfərin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Sonda azad edilmiş ərazilərdə görülən işləri əks etdirən videoçarx nümayiş olunub.




