
Tbilisidə Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd olunub
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsmi mərasim keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunan xüsusi tədbir təşkil olunub.
Vaxtanq Salaridze adına konsert zalında baş tutan mərasimdə Türkiyə, Türkmənistan və Qazaxıstanın səfirləri, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev, eləcə də yerli azərbaycanlı icmanın nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbənin tarixi ədaləti bərpa etdiyini bildirib. Səfir həmçinin işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərindən və Gürcüstandakı soydaşlarımızın müharibə dövründə göstərdiyi həmrəylikdən danışıb.
Türkiyənin səfiri Mustafa Türker Arı da təbriklərini çatdıraraq şəhidlərin xatirəsini ehtiramla yad edib. Mərasimin sonunda "Era Teatrı"nın hazırladığı "Koordinat 44" tamaşasının premyerası nümayiş olunub.




