
Gürcüstanda toya gedən azərbaycanlı qardaşların güllələnməsinin təfərrüatları bəlli olub
Gürcüstanda toya gedən üç azərbaycanlı qardaş qonşuları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində iki qardaş həlak olub, biri isə sağ qalıb.
AzadAzərbaycan xəbər verir ki, Gürcüstanda soydaşlarımızın sıx yaşadıqları Saqareco bələdiyyəsinin Ləmbəli kəndində ağır cinayət qeydə alınıb. Toy mərasiminə yollanan üç azərbaycanlı qardaş silahlı hücuma məruz qalıb.
Hadisədən sağ qurtulan qardaşlardan biri olan Elman Usubov bildirib ki, axşam saat 17 radələrində iki qardaşı və sinif yoldaşı ilə piyada gedərkən onlara qarşı atəş açılıb. O, avtomobilin arxasında gizlənməyi bacarsa da, qardaşları hədəf alınaraq qətlə yetiriliblər.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, insident əvvəllər yaranmış münaqişə zəminində baş verib. Təqsirləndirilən şəxs odlu silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qətldə şübhəli bilinən şəxs saxlanılıb. Polis cinayətdə istifadə olunan silahı maddi sübut kimi götürüb və araşdırmalar davam etdirilir.




