
Sabah bəzi ərazilərə yağış və qar yağacaq: Hava proqnozu
Oktyabrın 23-də Bakıda və bölgələrdə hava yağıntılı keçəcək, dağlıq ərazilərə qar yağacağı ehtimal olunur.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi məlumata əsasən, oktyabrın 23-də Bakı şəhərində və Abşeron yarımadasında gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq, lakin əsasən yağmursuz ötüşəcək. Şimal-şərq istiqamətli külək əsəcək.
Paytaxtda və yarımadada havanın temperaturu gecə saatlarında 15-17°, gündüz isə 19-21° isti təşkil edəcək. Atmosfer təzyiqinin 767 millimetr civə sütunu, nisbi rütubətin isə 65-75 faiz arasında olacağı gözlənilir.
Azərbaycanın bölgələrində də hava şəraitinin arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağış, şimşək, dolu və yüksək dağlıq sahələrdə qar yağması gözlənilir. Axşama doğru qərb bölgələrində yağıntıların tədricən dayanacağı ehtimal olunur. Gecə və səhər bəzi yerləri duman bürüyəcək, şərq küləyi üstünlük təşkil edəcək.
Rayonlarda havanın temperaturu gecə 14-17°, gündüz 19-24° isti olacaq. Dağlıq yerlərdə isə temperaturun gecə 5-9°, gündüz isə 10-15° isti olacağı bildirilir.




