
Sadır Japarov Bakı və Bişkek arasındakı razılaşmaların icrasının vacibliyini bildirdi
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə ikitərəfli müttəfiqlik əlaqələrini müzakirə edib.
Bişkek və Bakı əldə olunmuş razılaşmaları, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana gerçəkləşdirdiyi dövlət səfəri çərçivəsində imzalanmış müttəfiqlik münasibətləri haqqında müqaviləni ardıcıl şəkildə icra etməlidir.
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirləri ölkə rəhbəri Sadır Japarov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Bişkekdə keçirdiyi görüş zamanı səsləndirib.
Görüş əsnasında tərəflər ticari-iqtisadi, sərmayə, energetika və nəqliyyat istiqamətləri üzrə əməkdaşlığın gələcək inkişaf imkanlarını ətraflı nəzərdən keçiriblər. Dövlət başçısı Qırğızıstanla Azərbaycan arasında qurulan müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını önə çəkib.
Sahibə Qafarova da öz növbəsində Azərbaycan Prezidentinin salamlarını və ən xoş diləklərini Qırğızıstan liderinə və xalqına çatdırıb. O, ikitərəfli əlaqələrin, xüsusilə parlamentlərarası təmasların dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmini diqqətə çatdırıb.




