
Xəzər dənizində suyun azalması yeni adacıqların yaranmasına səbəb ola bilər
Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Xəzər dənizinin səviyyə tərəddüdləri, ekoloji risklər və sahil landşaftlarının transformasiyası ilə bağlı mühüm açıqlamalar verib.
AzadAzərbaycan xəbər verir ki, Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Xəzər dənizində aparılan son elmi tədqiqatlar və su səviyyəsinin dəyişməsi prosesləri barədə ətraflı məlumat paylaşıb. Alimin sözlərinə görə, dənizdə suyun səviyyə tərəddüdləri dövri xarakter daşıyır və müəyyən müddətdən sonra enmə prosesinin yenidən qalxma ilə əvəzlənəcəyi və ya ən azı azalma intensivliyinin zəifləyəcəyi istisna olunmur.
Direktor bildirib ki, hazırkı vəziyyəti yalnız qlobal istiləşmə ilə əlaqələndirmək düzgün deyil. Əsas fərqləndirici xüsusiyyət antropogen amilin həddindən artıq yüksəlməsidir. Xüsusilə Xəzəri qidalandıran çayların, o cümlədən Volqanın yuxarı axınlarında su ehtiyatlarından nəzarətsiz və qeyri-səmərəli istifadə edilməsi orta və aşağı axınlara daxil olan suyun həcmini kəskin azaldır. Bu amil dəniz səviyyəsinin sürətlə enməsində həlledici rol oynayır.
Zaur İmrani qeyd edib ki, suyun azalması davam edərsə, Azərbaycanın dayaz sahil zolağında, xüsusilə Abşeron yarımadası və Qızılağac körfəzi ətrafında yeni adacıqlar meydana çıxa, mövcud adaların sahəsi isə genişlənə bilər. Dəqiq nəticələri proqnozlaşdırmaq üçün peyk və coğrafi informasiya sistemləri vasitəsilə daimi monitorinqlər aparılmalıdır. Bununla yanaşı, Xəzərin cənubunda seysmik aktivlik və Otman-Bozdağ kimi palçıq vulkanlarının püskürməsi dəniz dibində tektonik proseslərin də rolunu araşdırmağı zəruri edir.
Ekosistemin transformasiyasına toxunan elmi müəssisə rəhbəri vurğulayıb ki, akval rejimdən kontinental rejimə keçid düzgün idarəetmə və adaptasiya tədbirləri ilə fəlakətə çevrilməyə bilər. Gələcəkdə suyun artması halında dinamik ekosistem ilkin vəziyyətinə qayıtmaq qabiliyyətinə malikdir.




