
Şəkər əvəzedicilərinin beyin fəaliyyətinə mənfi təsiri aşkarlanıb
Aşağı kalorili və kalorisiz dadlandırıcıların həddindən artıq istifadəsinin idrak testlərinin nəticələrini pisləşdirdiyi məlum olub.
AzadAzərbaycan xəbər verir ki, bir sıra aşağı kalorili və kalorisiz dadlandırıcıların intensiv istifadəsi idrak testlərinin nəticələrinin daha sürətlə pisləşməsinə yol açıb. San-Paulu Universitetinin də qatıldığı tədqiqat qrupu Braziliya sakinləri arasında səkkiz il davam edən araşdırma zamanı bu əlaqəni müəyyənləşdirib.
Təhlilə müşahidənin başlanğıcında orta yaşı təxminən 52 olan 12 min 772 nəfər cəlb edilib. İştirakçılar qida rasionları ilə bağlı ətraflı sorğuları cavablandırıb, yaddaş, nitq axıcılığı və informasiyanın emal sürətini qiymətləndirən testlərdən üç dəfə keçiblər.
Mütəxəssislər aspartam, saxarin, asesulfam kalium, eritritol, ksilit, sorbit və taqatoza olmaqla yeddi dadlandırıcının istehlak səviyyəsini təhlil ediblər. Həmin maddələr müxtəlif içkilərdə, desertlərdə və şəkər miqdarı azaldılmış məhsullarda geniş şəkildə istifadə olunur.
Altmış yaşdan aşağı iştirakçılar arasında bu maddələrin ümumi istehlakının yüksək olması nitq axıcılığının və ümumi idrak göstəricilərinin daha sürətlə zəifləməsi ilə nəticələnib. Lakin 60 yaşdan yuxarı şəxslərdə belə bir asılılıq qeydə alınmayıb.
Ayrı-ayrı araşdırmalar zamanı taqatoza istisna olmaqla, digər altı birləşmənin yaddaşa və sözləri sürətlə tapmaq qabiliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilib. Şəkər əvəzedicilərinin birbaşa səbəb olub-olmadığını dəqiqləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac duyulur.




