
Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində işlər davam edir
Şirvan suvarma kanalının yenidən qurulması layihəsində nəzərdə tutulan 171 hidrotexniki qurğunun 110-da tamamlama işləri həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən media nümayəndələri üçün təşkil edilən məlumat turu zamanı Şirvan suvarma kanalının yenidən qurulması layihəsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, layihə daxilində inşası planlaşdırılan 171 hidrotexniki qurğudan artıq 110-da tamamlama mərhələsinə çatılıb. Yenilənən kanalın 163,3 kilometrlik hissəsinin dəmir-beton, 18 kilometrlik hissəsinin monolit beton üzlüklə tikilməsi, 23 kilometrinin isə torpaq kanal formasında saxlanılması nəzərdə tutulub.
AzadAzərbaycan xəbər verir ki, ümumi uzunluğu 204 kilometr təşkil edən kanalın hazırda 134 kilometrində qazıntı prosesi yekunlaşıb, 113 kilometrlik əraziyə isə beton üzlük çəkilib. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.




