
Dünya bazarında banan nəzərəçarpan dərəcədə bahalaşa bilər
Yaxın illərdə iqlim dəyişiklikləri və artan istehsal xərcləri səbəbindən qlobal bazarda bananın qiymətində artım gözlənilir.
AzadAzərbaycan xəbər verir ki, 2026-cı ilin sonlarında və 2027-ci ilin əvvəlində qlobal bazarda banan qiymətlərinin yüksələcəyi ehtimal edilir. Bu barədə məlumatı "Chiquita Brands International" şirkətinin rəhbəri Karlos Lopes Flores açıqlayıb.
Mütəxəssis bildirib ki, qiymət artımına əsasən ekstremal hava şəraitinin tez-tez təkrar olunması, geosiyasi gərginliyin dərinləşməsi və istehsal məsrəflərinin yüksəlməsi təsir göstərir.
Xüsusilə Latın Amerikası ölkələrində fəaliyyət göstərən istehsalçılar gübrə, yanacaq və qablaşdırma materiallarının bahalaşması ilə yanaşı, ciddi iqlim riskləri ilə də mübarizə aparmalı olurlar. "El-Ninyo" təbiət hadisəsinin kəskinləşməsi məhsuldarlığın aşağı düşməsinə, yaranan quraqlıq isə logistika və daşınma zəncirində maneələrə yol açır.
Bütün bu mənfi amillər bananın həm yetişdirilməsi, həm də dünya bazarlarına çatdırılması xərclərini artıraraq, yekunda pərakəndə satış qiymətlərinin qalxmasını qaçılmaz edir.




