
Volvo sürücülərə yoldan göz çəkməyə imkan verən texnologiya hazırlayır
İsveç avtomobil nəhəngi Volvo, NVIDIA ilə əməkdaşlığı çərçivəsində sürücünün müdaxiləsini minimuma endirən yeni muxtar idarəetmə sistemi üzərində işləyir.
AzadAzərbaycan xəbər verir ki, məşhur avtomobil istehsalçısı Volvo müəyyən şərtlərdə sürücülərin yoldan gözlərini çəkərək idarəetməni tamamilə avtomobilə həvalə etməsinə şərait yaradacaq yeni nəsil muxtar sürücülük sistemi hazırlayır. Bu məqsədlə şirkət NVIDIA ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib.
Yeni texnologiya magistral yollarda, sıx şəhər küçələrində və avtomobilin park edilməsi prosesində təhlükəsizliyi maksimum səviyyəyə qaldırmağı hədəfləyir. Sistem süni intellekt həlləri, NVIDIA-nın güclü hesablama platforması, Hyperion arxitekturası, Halos əməliyyat sistemi və Alpamayo proqram təminatı kimi qabaqcıl yeniliklərdən istifadə edəcək.
Tətbiq olunacaq bu yeniliklər sayəsində 4-cü səviyyəli muxtar sistemlərin yaradılması nəzərdə tutulur. Robotaksilərdə olduğu kimi, bu texnologiya da müəyyən şərtlər daxilində nəqliyyat vasitəsinin sürücünün birbaşa müdaxiləsi olmadan hərəkət etməsinə imkan yaradacaq.
Sözügedən sistemin 2030-cu ildən əvvəl bazara çıxarılması gözlənilir. Həmin vaxta qədər İsveç brendi ümumilikdə 13 yeni avtomobil modeli təqdim etməyi planlaşdırır.
Şirkət rəsmiləri bildirirlər ki, muxtar idarəetmə texnologiyası ilə Volvo-nun ənənəvi təhlükəsizlik prinsiplərinin vəhdəti müştərilərin markaya olan etibarını daha da gücləndirəcək.
