
Bakı metrosunun Həzi Aslanov stansiyasında dalanın yenidən qurulması başa çatdı
Bakı Metropoliteninin Həzi Aslanov stansiyasında dalan yollarının əsaslı yenidən qurulması və möhkəmləndirilməsi işləri tam yekunlaşıb.
AzadAzərbaycan xəbər verir ki, Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov" stansiyasında dalanın əsaslı şəkildə yenidən qurulması prosesi uğurla tamamlanıb. Təmir və bərpa tədbirləri ümumilikdə 280 metrə yaxın ərazini əhatə etməklə üç mərhələdə reallaşdırılıb.
İlkin mərhələlər zamanı konstruksiyaların bərpası ilə yanaşı, yan divarlarda və döşəmədə məhlulvurma və hamarlama əməliyyatları aparılıb. Eyni zamanda stansiya dalanının tavan, divar və döşəmə elementləri gücləndirilib, orta yolların arakəsmə divarları isə sıfırdan yenidən tikilib. Yekun mərhələdə isə tavan səthində izolyasiya və xüsusi qoruyucu boya qatının çəkilməsi işləri icra edilib.
Layihə standartlarına uyğun olaraq, ümumi uzunluğu təxminən 1 000 metr təşkil edən dalan yolları müasir dəmir-beton özüllər üzərində bərpa edilib, yoldəyişdirici mexanizmlər isə monolit dəmir-beton bloklar üzərində yerləşdirilib. Dörd yoldan ibarət olan dalan sahəsində altı ədəd yoldəyişdirici qurğu quraşdırılıb.
Məlumat üçün bildirək ki, qatarların təhlükəsiz saxlanması, qısa intervallarla manevrlər etməsi və texniki baxışın təşkili üçün dalan yolları mühüm əhəmiyyət daşıyır. Mürəkkəb hidrogeoloji şərait və qrunt sularının mənfi təsirləri səbəbindən ərazidə yaranmış eroziyanın aradan qaldırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının tədbirlər planına uyğun icra olunub.




