
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb
Cari ilin yanvar-sentyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1.8 faiz azalaraq 1 milyon 575.3 min nəfər təşkil edib.
AzadAzərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2026-cı ilin ilk doqquz ayı ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 575.3 min nəfərə çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz azdır.
Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkə Türkiyə olub. Xaricə gedənlərin 44 faizi Türkiyəni seçib ki, bu istiqamətdə axın əvvəlki illə müqayisədə 2.3 faiz artıb. Ölkə vətəndaşlarının 14.6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5.1 faizi İrana, 23.3 faizi isə digər dövlətlərə yola düşüb.
Müqayisəli göstəricilərə əsasən, İrana səfər edənlərin sayında 44.5 faiz, Rusiyaya gedənlərdə 2 faiz, digər ölkələr üzrə isə 2 faiz azalma qeydə alınıb. Əksinə, Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 17.6 faiz çoxalıb.
Statistikaya görə, xaricə səyahət edənlərin 64.1 faizini kişilər, 35.9 faizini isə qadınlar təşkil edib. Nəqliyyat vasitələri üzrə bölgüdə isə hava nəqliyyatı 70.4 faizlə üstünlük təşkil edib. Səfərlərin 27.6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatı ilə reallaşıb.




