
ABŞ-da səsdən sürətli və səssiz təyyarənin sınaqları başa çatdı
NASA-nın X-59 adlandırılan səsdən sürətli, lakin güclü səs küyü yaratmayan təyyarəsi ilk dəfə ABŞ səmasında uğurlu sınaq uçuşunu tamamlayıb.
AzadAzərbaycan xəbər verir ki, NASA-nın X-59 adlandırılan innovativ "səssiz" və səsdən sürətli təyyarəsi bir il davam edən sınaq uçuşlarını uğurla yekunlaşdıraraq ABŞ ərazisi üzərində ilk uçuşunu gerçəkləşdirib.
Yeni texnologiya təxminən 16,8 kilometr (55 min fut) hündürlükdə "Mach 1.4" sürətilə hərəkət etmək üçün nəzərdə tutulub. Təyyarə ənənəvi səsdən sürətli uçuşlarda baş verən kəskin sonik partlayışlar əvəzinə, sadəcə avtomobil qapısının örtülməsinə bənzər 75 desibellik zəif səs dalğası yaradır.
Bu hava gəmisinin xüsusi olaraq uzadılmış burun quruluşu zərbə dalğalarının istiqamətini və formasını dəyişməyə imkan verir. Ən diqqətçəkən məqamlardan biri isə təyyarədə ənənəvi ön şüşənin olmamasıdır; pilot uçuş zamanı ətrafı xüsusi kameralar vasitəsilə işləyən təsvir sistemi ilə müşahidə edir.
Qeyd edək ki, gələcəyin aviasiyasında mühüm addım sayılan bu unikal layihə "Lockheed Martin" şirkəti tərəfindən ərsəyə gətirilib.




