
Almaniyanın XİN rəhbəri ABŞ ilə münasibətlərdən və tarixdən danışdı
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Birləşmiş Ştatlarda irqi ayrı-seçkiliyin olmasına baxmayaraq, amerikalıların alman tarixindəki mühüm rolunu vurğulayıb.
AzadAzərbaycan xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ-da irqi ayrı-seçkiliyin mövcudluğunu etiraf etsə də, almanların amerikalıları tənqid edib aşağılamasını doğru hesab etmədiyini bildirib.
Nazirin sözlərinə görə, Almaniya xalqı tarixdə baş verənlərə təvazökarlıq və minnətdarlıqla yanaşmalıdır. O xatırladıb ki, ölkəsini nasizmdən xilas edənlər arasında britaniyalılar, fransızlar, ruslar və o dövrdə SSRİ tərkibində olan ukraynalılarla yanaşı, amerikalılar da mühüm yer tutub.
Yohan Vadeful həmçinin Qərbi Almaniya iqtisadiyyatının dirçəldilməsində və 1989-cu ildə ölkənin birləşərək dünya birliyinə dinc inteqrasiya olunmasında Birləşmiş Ştatların verdiyi böyük dəstəyi xüsusi qeyd edib. O, Avropada həmin vaxt şübhələrin olmasına baxmayaraq, Vaşinqtonun Almaniyaya yeni şans tanıdığını vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, müasir dövrdə baş verən bəzi hadisələr təəssüf və narazılıq doğursa da, ümumi mənzərəyə baxdıqda ABŞ uzunmüddətli perspektivdə Almaniyanın əsas sosial və siyasi müttəfiqi olaraq qalır.




